Biləsuvar rayonunda 28 May Müstəqillik Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
26 may 2026 | 15:38
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, Hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bayram münasibətilə rayon ictimaiyyətini təbrik edərək, iştirakçılara Azərbaycanın dövlətçilik tarixi barədə məlumat verib.
Faiq Qürbətov bildirdi ki, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixinə və Azərbaycan xalqının həyatına misilsiz və əlamətdar hadisə kimi daxil olmuşdur. Artıq 108 ildir ki, 28 May tarixi Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu əlamətdar gün kimi xalqımız tərəfindən iftixar hissi ilə qeyd olunur. 1918-ci ildə dövlətimizin istiqlaliyyətinin elan olunması, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi. Cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya sübut etdi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha çətindir. Odur ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqilliyinin yenidən məhvə məhkum olunmaq təhlükəsi yarananda xalq üzünü görkəmli dövlət xadimi Heydər Əliyevə tutdu. Bu dahi şəxsiyyət xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Ulu öndərin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın müstəqilliyinin əbədiliyi təmin olundu.
İcra başçısı çıxışında bildirib ki, bu uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursu nəticəsində daha da gücləndirildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa edildi. Artıq 6 ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib ölkənin vətəndaşı olaraq qeyd edir.
Tədbirdə AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Azərbaycan tarixinə yeni konseptual baxış” mövzusunda genişməzmunlu məruzə ilə çıxış edərək ölkə tarixinin keçmişi, müasir dövrü və gələcək perspektivləri barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açıblar.






