Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” və “XIII Ümumdünya Şəhərsalma Forumu (WUF-13)”na həsr olunmuş tədbir keçirilib.

12 may 2026 | 16:35

Biləsuvar Rayon İcra Hakimiyyətinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin  və Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksinin birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və “XIII Ümumdünya Şəhərsalma Forumu (WUF-13)”na həsr olunmuş tədbirləri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat İniversiteti  əməkdaşları ilə  Biləsuvar rayon ictimaiyyətinin görüşü keçirilib.

Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, AMEA-nın muxbir üzvü, professor, AzMİU-nun kafedra müdiri İslam Mustafayev, AzMİU-nun baş müəllimi, memarlıq doktoru İlgar Əliyev, Fövqəladə hallar kafedrasının dosenti Emil Qafarov, inzibati ərazi dairələri üzrə  İcra nümayəndələri, bələdiyyə sədrlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov “XIII Ümumdünya Şəhərsalma Forumu (WUF-13)” kimi dünyanın ən böyük beynəlxalq platformalarından birinin 17-22-si may tarixlərində ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu, ilk növbədə, Azərbaycanın şəhərsalma və məskunlaşdırma fəaliyyətində müasir standartlara əsaslandığının göstəricisidir. Bu sahədə Azərbaycanın dünyaya təqdim etmək üçün kifayət qədər nailiyyətləri var.

İcra başçısı qeyd edib ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri Azərbaycanın bu sahədəki innovativ yanaşmasının bariz nümunəsidir.Bu mühüm forumun Bakıda təşkili respublikamızın beynəlxalq miqyasda artan nüfuzunu bir daha təsdiqləməklə yanaşı, yerli mütəxəssislərin qlobal təcrübədən faydalanması üçün yeni imkanlar açacaqdır. Bu məqsədlə Biləsuvar rayonunda keçirilən görüş də, gənc nəslin memarlıq və şəhərsalma sahəsində maariflənməsinə, habelə regionlarımızın dayanıqlı inkişaf perspektivlərinin müzakirəsinə böyük töhfə verir.

Tədbirdə AMEA-nın muxbir üzvü, professor, AzMİU-nun kafedra müdiri İslam Mustafayev çıxış edərək bildirib ki,  son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri strateji yanaşmanın mövcudluğunu aydın şəkildə nümayiş etdirir. Paytaxtın və digər şəhərlərimizin görkəminin yenilənməsi, müasir urban standartlarına uyğunlaşdırılması, eyni zamanda, tarixi və mədəni irsin qorunması balanslaşdırılmış şəkildə həyata keçirilir. İstər paytaxtımızda, istərsə də bölgələrdə şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartlar tətbiq edilməklə görülən işlər, irimiqyaslı layihələr sosial-iqtisadi inkişafa güclü təkan verib, ölkəmizi bu sahədə dünyanın qabaqcılları sırasına çıxarıb.

Tədbirdə çıxış edən YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, AzMİU-nun baş müəllimi, memarlıq doktoru İlgar Əliyev, Fövqəladə hallar kafedrasının dosenti Emil Qafarov qeyd ediblər ki, forumun əsas və strateji mexanizmlərindən biri olan Tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.

Çıxış edənlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası kimi tədbirlərin məhz bu cür yanaşmaların müzakirəsi və yayılması üçün mühüm platforma olduğunu qeyd edərək bildiriblər ki, bu forum yalnız beynəlxalq təcrübənin paylaşılması ilə məhdudlaşmır, həm də şəhərlərin gələcək inkişaf strategiyalarının formalaşmasına təsir edən ideyaların meydana çıxdığı məkandır. Azərbaycan üçün belə platformalar həm yerli şəhərsalma düşüncəsinin inkişafına, həm də beynəlxalq inteqrasiyaya töhfə verir. Ən əsası isə, şəhərsalmanın mərkəzinə insan təcrübəsini və məkanın hiss edilən keyfiyyətini yerləşdirərək daha dayanıqlı, daha humanist və daha yaşana bilən şəhərlərin formalaşmasına şərait yaradır.

WUF13 tədbiri Azərbaycanda şəhərsalma və memarlıq sahəsində görülən işlərin beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunması üçün mühüm platforma olacaq, ölkəmizin regional lider kimi mövqeyini daha da möhkəmləndirəcək.

 

Keçidlər