Biləsuvar rayonunda 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib
Tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Gənclər Evinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə Təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Gənclər günü ilə əlaqədar keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayonun ictimai həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.
İştirakçılar əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Biləsuvar Gənclər Evində davam edən tədbiri Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev açıq elan edərək qonaqları salamlayıb, gəncləri əlamətdar gün münasibətilə təbrik edib. O, çıxışında dövlət gənclər siyasətinin əsas istiqamətləri və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Daha sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək gənclərə xoş arzularını bildirib. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin inkişafı və ictimai fəallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. İcra başçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən dövlət proqramlarının gənclərin potensialının reallaşdırılmasına geniş imkanlar yaratdığını vurğulayıb.
Tədbirdə həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru İsmayıl Ağacanlı, Gənclər Evinin əməkdaşı Vüsal Həsrətli və rayonun fəal gəncləri çıxış edərək dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkanlardan bəhs ediblər.
Tədbirdə müxtəlif sahələrdə fərqlənən bir qrup gənc fəallıqlarına görə Fəxri Fərmanlarla mükafatlandırılıb. Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı geniş və maraqlı konsert proqramı ilə davam etdirilib.






