Biləsuvar rayonunda Gənclər Günü qeyd edilib.
01 fevral 2024 | 18:47
2 Fevral-Gənclər günü münasibətilə rayon gəncləri Heydər Əliyev Parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov gəncləri təbrik edərək, onlara xoş arzularını çatdırıb. İcra başçısı qeyd edib ki, dövlət səviyyəsində, məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasəti nəticəsində bu gün ölkəmizin, cəmiyyətimizin həyatında gənclərin rolu əvəzsizdir. Gənclər bizim sabahımız, işıqlı gələcəyimizdir. Gənclər cəmiyyətin həyatında fəal iştirak edir, dövlət quruculuğu işlərində, müstəqilliyimizin və dövlətçiliyimizin inkişafında öz dəyərli töhvələrini verirlər.Məhz buna görə də əsasən gənclərdən ibarət olan müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi.
Faiq Qürbətov gəncləri bir daha təbrik edərək, onlara ölkəmizin və rayonumuzun ictimai-siyasi həyatında daha da fəal olmağa, ölkəmizin inkişafına böyük töhfələr verməyə çağırıb.
İcra başçısı rayonun ayrı-ayrı sahələrində fəaliyyət göstərən bir qrup gənci Fəxri Fərmanlarla təltif etdi.
Tədbirdə çıxış edənlər dövlət gənclər siyasətinin gənclərə töhfələrindən geniş danışaraq rayon gənclərinin böyük uğurlarından bəhs ediblər.
Tədbir Rayon Gənclər Evində gənclərin iştirakı ilə geniş konsert proqramı ilə davam etdirilib.