Biləsuvar rayonunda 15 sentyabr–“Bilik günü” tədbirləri keçirilib.
15 sentyabr 2023 | 13:42
Rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar olaraq keçirilən tədbirlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, rayonun təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində və Çaylı kənd tam orta məktəbində keçirilən tədbirlərə qatılan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə pedaqoji kollektivi, bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri təbrik edərək, yeni tədris ilində uğurlar arzulayıb. İcra başçısı bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu sahəsində müxtəlif innovativ layihələr həyata keçirilir, müasir standartlara cavab verən tədris ocaqları inşa olunur və maddi-texniki bazaları daha da möhkəmləndirilir.Dövlət səviyyəsində təhsilə göstərilən xüsusi diqqət və qayğı, müəllimlərin iş şəraitinin yaxşılaşdırılmasına və şagirdlərin daha savadlı və bilikli kadrlar olaraq yetişməsinə xidmət göstərir.
Faiq Qürbətov qeyd edib ki, məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.
Yeni dərs ilinin başlanması ilə bağlı çıxış edən təhsil işçiləri təhsildə qazanılan uğurlardan danışaraq, qarşıda duran vəzifələri diqqətə çatdırıblar.
Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli Bilik Günü münasibətilə məktəb kollektivlərini təbrik edərək, çətin və şəfərli işlərində onlara uğurlar arzulayıblar.
Təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.