Biləsuvar rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi.
13 iyun 2024 | 19:30
13 iyun 2024-cü il tarixdə Biləsuvar rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət etdilər. Tədbir Azərbaycan Dövlət Himni ilə açıq elan olundu, Ulu Öndərin və müstəqilliyimiz, azadlığımız uğrunda canından keçən ziyalıların, şəhidlərin əziz xatirəsi anıldı, şanlı tarixmizi əks etdirən videomaterial təqdim olundu.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Qurtuluş Gününün 31-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək müstəqillik yolunda bu tarixin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı çıxışında qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup üzvünə Fəxri Fərman, partiyaya üzv olunmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim olundu.
Tədbir bədii hissə ilə davam etdi.