Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı yanında rayonda keçiriləcək kompleks mülki müdafiə təlimlərinə hazırlığın vəziyyəti ilə əlaqədar müşavirə keçirilib.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı yanında Biləsuvar rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks təlimin keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarının iştirakı ilə hazırlıq müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov təlimin keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, mülki müdafiə təlimlərinin keçirilməsi əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu sahədə qurumların birgə fəaliyyəti və əməkdaşlığı da olduqca vacibdir. İcra başçısı təlimdə iştirak edəcək qurumların rəhbərlərinə təlimin keçirilməsi ilə bağlı göstərişlərini verib.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Cəfərli çıxış edərək təlimin keçirilməsində məqsədin fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyət və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması olduğunu vurğulamışdır. Natiq bildirmişdir ki, təlimə rayon İcra Hakimiyəti, rayon Fövqəladə Hallar Komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri cəlb edilmişdir.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Mülki Müdafiə idarəsinin rəisi, polkovnik Rafiq Zeynalov təlimin keçirilməsinin əhəmiyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, təlim keçirilməsi həmçinin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı və köçürülməsi kimi mülki müdafiə tədbirlərinin daim diqqət mərkəzində olmasıdır.
Həmçinin diqqətə çatdırılmışdır ki, təlimdə əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilmişdir.
Qeyd edək ki, Biləsuvar rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks təlimlər 25-27 oktyabr 2023-cü il tarixdə keçiriləcəkdir.