Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Ramazan bayramı münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət etdi.
Mayın 3-də Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ramazan bayramı münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağını ziyarət edərək ailəsi ilə görüşüb.
Faiq Qürbətov Milli Qəhrəmanın atası Ağakərim İbrahimovu və onun ailəsini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb.Bildirib ki, qəhrəmanlığı ilə ölümsüzlüyə qovuşan Mübariz İbrahimov hər bir azərbaycanlı üçün iftixar mənbəyi, qürur yeridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə Mübariz kimi mərd oğulların şücaəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu ağır məğlubiyyətə uğradaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Ziyarət zamanı qeyd olundu ki, Vətən müharibəsinin Qələbə ilə başa çatması, əzəli torpaqlarımızın işğaldan azad olunması, üçrəngli bayrağımızın tarixi ərazilərimizdə dalğalanması ilə bu gün Milli Qəhrəman Mübariz İbrahimov və bütün şəhidlərimizin ruhları şaddır.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.