Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Mahmudovun ailəsini ziyarət edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun Aşağı Cürəli kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Mahmudovun ailəsini ziyarət edib.
Görüşdə Biləsuvar rayon Prokuroru Camal Bağırov, Biləsuvar RİHB-nın şöbə müdiri Xanlar Məmmədov, Aşağı Cürəli kənd icra nümayəndəsi Həsən Gözəlov, şəhidin ailəsi və yaxınları iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şəhidin ailəsi ilə görüşdə bildirib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yağı düşmən üzərindəki Zəfəri ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.
Görüş zamanı Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Mahmudov haqqında xatirələr yada salınıb.
Cavid Mahmudov 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil aldıqdan sonra, 2010-2020-ci illər ərzində müxtəlif hərbi hissələrdə peşəkar zabit olaraq xidmət edib.
Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və oktyabrın 5-də Füzuli döyüşləri zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Cavid Mahmudov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Bütün şəhidlərimiz, o cümlədən şəhid Cavid Mahmudovun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Şəhidin ailəsi onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.