Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov rayon ərazisində biçin aparılan taxıl sahəsində olub və biçinin gedişi ilə tanış olub.
Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev rayonda aparılan taxıl biçini haqqında ətraflı məlumat verərək bildirib ki, 2022-ci ilin məhsulu üçün 35793 hektar sahədə taxıl əkini aparılıb ki, bundan da 9688 hektarı buğda, 26105 hektarı isə arpa məhsuludur. Taxıl sahələrini aqrotexniki qaydalara uyğun becərmələri üçün fermerlərə bütün köməkliklər göstərilib və hazırda sahələrdə bol məhsul vardır. Hazırda sahələrdə məhsul yığımını itkisiz və qısa müddətdə başa vurmaq üçün yüksək texniki parametrlərə malik 80 ədədə yaxın taxılbiçən konbayn biçinə cəlb olunub.
İcra başçısı ərazidə olan fermerlərlə də görüşüb. Görüşdə fermerləri narahat edən məsələlər müzakirə olunub, icra başçısı onların suallarına cavab verib.
İcra başçısı, həmçinin pambıq sahəsinə baxış keçirərək pambığın becərilmə və kultivasiya prosesi ilə tanış olub, əkinlərin suvarılması ilə maraqlanıb.