Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Konfutsi Mərkəzinin rəhbəri Li Jihuanı qəbul edib.
Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi Mərkəzinin rəhbəri Li Jihua və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin İcraçı direktoru Aqşin Bağırov iştirak etmişdir.
Görüşdə Azərbaycan–Çin təhsil və mədəni əməkdaşlığının genişləndirilməsi istiqamətində növbəti mühüm addımın atıldığı qeyd olunub və bildirilib ki, Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində də yaradılır.
Görüş zamanı Konfutsi İnstitutunun filialının kompleksdə yaradılmasının bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və mədəniyyətinə marağının artırılmasına, eləcə də beynəlxalq təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanmışdır.
Qeyd edilmişdir ki, filialın fəaliyyəti çərçivəsində Çin dilinin tədrisi, mədəniyyət proqramları, müəllim və şagird mübadiləsi, müxtəlif elmi-mədəni tədbirlərin təşkili nəzərdə tutulur.
Sonda xatirə şəkli çəkilmişdir.






