Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov dekabr ayının 21-də Nərimankənd kəndində səyyar qəbul keçirdi.
21 dekabr 2023 | 14:25
Səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri iştirak edib.
Faiq Qürbətov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
İcra Başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılaraq və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin icrası davam etdirilir.Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır.
Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
İcra başçısı sonra sakinlərin təklifləri, istəkləri dinləyib, onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırdı. Qəbul zamanı bəzi müraciətlərin icrası yerindəcə həll olundu. İcrası zaman tələb edən müraciətlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyəti başçısının Nərimankənd kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.