Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Çaylı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib qanunvericiliyə uyğun olaraq həllini sürətləndirmək məqsədilə may ayının 26-da Çaylı kəndində səyyar qəbul keçirdi.
Qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Faiq Qürbətov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə sakinlərə məlumat verib.
İcra Başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq qanunvericiliyə uyğun olaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki, xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Çaylı kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.