Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov aprel ayının 9-da Ovçubərə kəndində səyyar qəbul keçirdi.
Səyyar qəbulda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin icrası davam etdirilir.Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır.
Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
İcra başçısı sonra sakinlərin təklifləri, istəkləri dinləyib, onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırdı. Qəbul zamanı bəzi müraciətlərin icrası yerindəcə həll olundu. İcrası zaman tələb edən müraciətlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyəti başçısının Ovçubərə kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.