Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Amankənd kəndində yeni inşa olunan modul tipli məktəbdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
“Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2022-ci il tarixli Sərəncamı ilə respublikamızın bir çox rayonlarında yeni məktəblərin inşasına başlanılmışdır.Hazırda cənab Prezidentin sərəncamına əsasən inşa olunan modul tipli məktəblərdən biri də 56 şagird yerlik olan Biləsuvar rayonunun Əmənkənd kəndində quraşdırılır.
Yeni tədris ilinə hazırlığın gedişi ilə əlaqədar olaraq bu gün Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Amankənd kəndində olaraq yeni inşa olunan modul tipli məktəbdə aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Köhnə Əmənkənd adlanan və Amankənd kəndinin inzibati ərazisinə daxil olan bu yaşayış məntəqəsində 40 evdə 245 nəfər əhali yaşayır.Yaşayış məntəqəsi uzun illər əvvəl heyvandarlıq və əkinçiliklə məşğul olan kənd sakinlərinin burada məskunlaşması nəticəsində yaranıb və Amankənd kəndindən 30 kilometr uzaqda yerləşir.Burada yaşayan uşaqların 5-10 kilometr məsafədə yerləşən digər kəndlərin məktəblərində oxuması daim problemlər yaradırdı.Məhz bu problemlərin aradan qaldırılması məqsədilə cənab Prezidentin sərəncamı ilə Köhnə Əmənkənddə modul tipli yeni məktəbin tikintisinə başlanıldı.Hazırda sürətlə tikinti işləri aparılır. İcra Başçısına bildirilmişdir ki, yeni tədris ilinə məktəb şagird və müəllimlərin istifadəsinə veriləcəkdir.