Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
04 iyun 2024 | 12:47
Bu gün Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
Qeyd edək ki, bir müddət öncə ölkəmiz ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyasını və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşa ediləcəyi barədə müqavilələr bağlanmışdır.
Ümumi sərmayə dəyəri təxminən 1 milyard ABŞ dolları məbləğində qiymətləndirilən stansiyaların inşası ölkələrimizin “yaşıl enerji” keçidinə birgə töhfəsi kimi dəyərləndirilir.