Azərbaycan kinomatoqrafiyasının incilərindən olan "Arşın mal alan" bədii filmi nümayiş olunub.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilən "Arşın mal alan" bədii filminin rəngli versiyası nümayiş olunub.
Filmi Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri izləyib.
Qeyd edək ki, rejissor Rza Təhmasib tərəfindən 1945-ci ildə ekranlaşdırılmış Azərbaycanın tammetrajlı bədii filmi olan “Arşın mal alan” filmi Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmin bəstəkarı Üzeyir Hacıbəyli, ssenari müəllifi isə Sabit Rəhmandır.
"Arşın mal alan" (1945) filmi Azərbaycan kinomatoqrafiyasının ən parlaq və məşhur incilərindən biridir. Musiqili komediya janrında olan bu ekran əsəri şərq adət-ənənələrini tənqid edərək azad məhəbbəti tərənnüm edir və dünya miqyasında böyük şöhrət qazanmışdır.
Orijinalda ağ-qara çəkilən film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tam bərpa olunub və rəngli versiyada təqdim edilib. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər. Təkcə 1945-ci ildə bu filmə 16 milyondan çox tamaşaçı baxmışdır.






