Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimı keçirilib.

18 iyun 2021 | 16:00

18 iyun 2021-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Vətən müharibəsi şəhidləri” kitabının müəllifi Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı, qazisi  Zamiq Mənsimli, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Azərbaycan Vətən Müharibəsi İctimai birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov, İctimai birliyin üzvləri, şəhid ailələri, Vətən Müharibəsi qaziləri və ictimaiyyətin nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli bildirdi ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilir. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımız və Ordumuzun şəxsi heyəti tərəfindən tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi kimi minnətdarlıqla qarşılanıb.
Z.Mənsimli kitabın müəllifi Abdulla Qurbaniyə şəhidlərimizdən bəhs edən bu kitabı ərsəyə gətirdiyinə görə öz minnətdarlığını bildirib.
Sonra “Vətən müharibəsi şəhidləri” kitabının müəllifi Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək kitabın yazılması tarixindən və orada yer alan igid və qəhrəman Azərbaycan oğullarından danışıb. Kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin Vətənə xidmət peşəsinə həsr olunmuş ömür yoluna çıraq tutulur. Yeri gəldikcə şəhidlərin müqəddəs xatirəsinə, onların intiqamını düşməndən artıqlaması ilə alan igidlərimizin şəninə həsr olunmuş şeirlər, döyüş anlarını əbədiləşdirən fotolar da kitabda təqdim edilir.
“Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın nüsxələri şəhid ailələrinə hədiyyə edilib. Onlar bu kitabı Azərbaycan Ordusunun 103-cü ildönümü ərəfəsində qiymətli bir töhfə kimi qəbul ediblər.
Abdulla Qurbani nəzərə çatdırıb ki, Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaxından köməyi ilə nəşrə hazırlanmış bu xatirə kitabları dəsti 7 cilddən ibarət olacaq və hər bir şəhid ailəsinə, o cümlədən respublikanın şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərinə, muzey və kitabxanalara hədiyyə ediləcək.
“Vətən müharibəsi şəhidləri” kitabının təqdimat mərasimində şəhidlərin ailə üzvləri xatirələrini bölüşüb və kitabın hazırlanmasında, işıq üzü görməsində zəhməti olan hər kəsə minnətdarlıq ediblər.
Sonda şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” kitabı hədiyyə olundu və xatirə şəkli çəkildi.

Keçidlər