Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür.

18 iyun 2021 | 16:00

Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  anım günü ilə əlaqədar 18 iyun  2021-ci il tarixdə  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və “Vətən müharibəsi şəhidləri” kitabının müəllifi Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdü.
İcra Hakimiyyətinin Başçısı Milli Qəhrəmanın ailəsi ilə görüşdə bildirdi ki, Mübariz İbrahimov torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik  məktəbi qoydu. Hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.
Bildirildi ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi  cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər Azərbaycan əsgərinin göstərdiyi bu igidliyi qarşısında ağır itkilər verir. Bir neçə saat davam edən bu döyüşə düşmən əlavə qüvvə cəlb edir. Təkbaşına böyük bir düşmən ordusu ilə döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə bir daha sübut etdi ki, Milli Qəhrəman Mübariz İbrahimovun igidliyi ölkəmizdə böyük bir  qəhrəmanlıq məktəbi yaratmışdır. Məhz bu məktəbin davamçıları olaraq Azərbaycan Ordusunun əsgərləri döyüşlərdə tarixi qələbələr qazanaraq bir daha bütün dünyaya ordumuzun gücünü, qüdrətini hiss etdirdi.
     Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi.
Vətənimizin azadlığı üçün bu yolda canını əsirgəməyən,ölümün gözünə dik baxan qəhrəman şəhidlərimizlə qürur duyuruq!
Xalqımız, torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır.
Tədbirdə Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” adlı kitabını Milli Qəhrəmanın atası Ağakərim  İbrahimova təqdim etdi.
Görüş zamanı Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov   onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirdi.

Keçidlər