Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş rayon ağsaqqalları ilə gənclərin görüşü keçirildi.

14 iyun 2021 | 16:00

 14 iyun 2021-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin və YAP Biləsuvar Rayon Təşkilatının dəstəyi ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş rayon ağsaqqalları ilə gənclərin görüşü keçirildi. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İcra Başçısının müavini Ləman Yüzbaşova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının sədr əvəzi Aqşin Bağırov, Rayon Ağsaqqalar Şurasının sədri Əli Babayev, rayon ağsaqqalı Akif Kazımov, idarə və təşkilatda çalışan gənclər və könüllülər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev əvvəlcə bayram münasibətilə gəncləri təbrik edib, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması ilə xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu və həmin tarixdən dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyini bildirib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirmişdir ki, Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyətini təmin edib. Xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
Çay süfrəsi ətrafında baş tutan görüşdə Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının sədr əvəzi Aqşin Bağırov, Rayon Ağsaqqalar Şurasının sədri Əli Babayev, rayon ağsaqqalı Akif Kazımov gənclərlə mövzu ətrafında geniş söhbət aparmış, Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyi vurğulamışlar. Çıxış edən gənclər Əminə Əhmədzadə, Vəkil Cəfərli Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Tədbirin sonunda rayon Gənclər və İdman İdarəsinin könüllülərinə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim olunmuş və tədbir gənclərin ifasında səslənən musiqi parçaları ilə yekunlaşmışdır.

 

Keçidlər