Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar əhalisini Ramazan bayramı münasibəti ilə təbrik edib.
Əziz həmvətənlər, müsəlman bacı və qardaşlar!
Sizi mübarək Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür və tutduğunuz orucunuzun Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Bəşəriyyətin qardaşlıq, humanizm, yardımsevərlik kimi ən ali hisslərini təcəssüm etdirən müqəddəs bayram günləri artıq başa çatır.
Bu mübarək Ramazan ayında hər bir müsəlman İslam dinin insanlar qarşısında vacib buyurduğu əməlləri vicdanla yerinə yetirmək imkanı əldə edir, qəlblərini xeyirxahlıq, mərhəmət və şəfqət hissləri ilə zənginləşdirirlər.
Əziz bacı və qardaşlarım!
Uzun illərdir xalqımızın həsrətlə gözlədiyi doğma torpaqlarımıza xalqımızın birliyi, gücü və həmrəyliyi ilə yenidən sahib olmağı bizə yaşadan qəhrəman Vətən oğullarının əziz xatirəsini uca tutur, Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Böyük güc, dözümlülük və həmrəyliyin simvolu olan Müqəddəs Ramazan bayramında sizə bir daha firavanlıq, bol ruzi, sağlam həyat və xoşbəxtlik arzulayıram.
Ramazan bayramınız mübarək olsun!