Biləsuvarda Vətən müharibəsi şəhidlərinin övladları ekskursiyaya yola salındı.
8 may 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhraman oğullarımızın övladları Bakı şəhərinə ekskursiyaya yola salındılar.Ekskursiya zamanı onlar Hərbi Qənimətlər parkını, Şəhidlər Xiyabanını ziyarət edəcək və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edəcəklər.
Şəhid övladlarının yola salınma mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirakçılara xoş arzularını çatdıraraq bu müqəddəs yerlərin ziyarət olunmasının ən çox onların haqqı olduğunu bildirib.
Azərbaycan Ordusunun şanlı Qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb.Burada 44 günlük Vətən müharibəsində düşmənin Azərbaycan Ordusu tərəfindən darmadağın edilən və bir hissəsi qənimət kimi götürülən hərbi texnikaları nümayiş olunur. 5 hektar ərazini əhatə edən Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar var.
Parkı gəzən hər kəs İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edir.