Biləsuvar Gəncləri Məşvərət Şurasının üzvləri Covid-19 virusu haqqında maarifləndirmə işləri həyata keçiriblər
Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Gənclərdən ibarət Məşvərət Şurasının üzvləri tərəfindən gənclər üçün “Post-pandemiya dövründə gənclərin fəaliyyətlərinin stimullaşdırılması” layihəsi həyata keçirilib.
Biləsuvar Məşvərət Şurası tərəfindən “Gənclərin motivasiyasının yüksəldilməsi”, “Emosional zəka” və “Uğurlu karyera qurmağın yolları” mövzularında keçirilən təlimlərə rayon gəncləri tərəfindən yüksək maraq göstərilib və səsləndirilən suallar təlimçilər tərəfindən cavablandırılıb, həmçinin təkliflər dinlənilib. Təlimlərdən sonra Biləsuvar Məşvərət Şurasının üzvləri tərəfindən Biləsuvar rayonunda COVID-19 virusu ilə bağlı əhali arasında vaksinasiyanın əhəmiyyətinin aşılanması mövzusunda maarifləndirici guşə yaradılıb.
Layihə çərçivəsində ilk öncə rayon gəncləri arasında COVID-19 virusu haqqında sorğular aparılmış və gənclər tərəfindən səsləndirilən təkliflər qeydə alınmışdır. Həmçinin pandemiya dövründə istər sosial məsafənin gözlənilməsinin vacibliyi, istərsə də virusdan qorunmağın yolları barəsində maarifləndirmə işləri aparılıb. Daha sonra isə Biləsuvar rayonunda guşə yaradılaraq, flayerlər paylanılmışdır.
Qeyd edək ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraları yaradılması layihəsi” Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa İttifaqının maliyyə, BMT-nin Uşaq Fondu (UNICEF) və Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə həyata keçirir.