Biləsuvar rayonunda keçirilən "Təmiz Bolqarçay" adlı iki günlük təmizlik marafonu yekunlaşıb.
Təmizlik marafonu "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin təşəbbüsü və Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Bununla yanaşı, marafona rayonda fəaliyyət göstərən biznes və özəl qurumların nümayəndələri də dəstək olublar.
"Özümüz təmizləyək ki, bir daha çirkləndirməyək!" şüarı ilə başlayan marafonun keçirilməsinin əsas məqsədi Biləsuvar rayonunun mərkəzindən keçən Bolqarçayın təmizlənməsi və çay ətrafında yaşayan sakinlərin maarifləndirilməsi olub.
Ümumilikdə 200-ə yaxın gənc könüllü və çay ətrafında yaşayan sakinlər marafonda iştirak edib.
Qeyd edək ki, çayın 3 kilometr məsafədə olan hissəsində təmizlik işləri aparılıb.
Eyni zamanda marafonun davamı olaraq təşkilatın könüllüləri tərəfindən rayon ərazisində müəyyən edilmiş məkanlarda 150-dən çox ağac əkilib.