Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Novruz bayramı qeyd olundu.

20 mart 2014 | 16:00

19  mart 2014-cü il tarixdə Biləsuvar rayonunda xalqımızın ən gözəl bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri  əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə, müəssisələrin, təşkilatların rəhbərləri və  rayon ictimaiyyəti iştirak etdilər.
İlk öncə Heydər Əliyev Mərkəzinin qarşısında rayon məktəblilərinin Novruz bayramına həsr etdikləri rəsm sərgisindən ibarət əl işlərinə baxış keçirildi.Sonra  çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi. Bayram şənliyində ənənəyə uyğun olaraq tonqal yandırıldı. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev çıxış edərək Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzuladı.M.Quliyev  rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını qeyd edərək, bildirdi ki, bundan sonra da respublikamızın bütün bölgələri kimi rayonumuzun da sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcəkdir.
Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.   
Bayram şənliyi Dədə Qurqudun və Bahar qızının meydana daxil olması ilə daha da canlandı. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı, pəhlivanlarımız öz güclərini sınadılar.
Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam etdi.

Keçidlər