Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2 Fevral - Gənclər Gününə həsr olunmuş onlayn tədbir keçirildi.

01 fevral 2021 | 16:00

01 fevral 2021-ci il tarixdə keçirilən onlayn tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Vətən Müharibəsində iştirak etmiş gənclər, idarə və təşkilatların  nümayəndələri, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər və könüllülər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk öncə  Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Toplantını giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev gəncləri bayram münasibəti ilə təbrik edərək ötən il ərzində rayonda gənclərin  inkişafı, vətənpərvərlik tərbiyəsi, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait barədə məlumat verdi.
Onlayn formatda keçirilən tədbirdə  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.Gənclər gününün təsis olunmasının önəmindən danışan Faiq Qürbətov bildirib ki, Müasir Azərbaycanın gənclər siyasəti Ümumilli liderin adı ilə bağlıdır. Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütamadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq forumlar təşkil edildi. Məhz I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edildi.
Onlayn keçirilən tədbirdə  rayon rəhbəri ölkəmizdə və rayonumuzda  gənclərə göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verərək, onların özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  gəncləri bayram günü münasibətilə bir daha təbrik edərək, onlara  inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı.
Tədbirdə çıxış edən gənclər respublikamızda gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs etdilər və cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi etimadı bundan sonra da  layiqincə doğruldacaqlarını bildirdilər.

Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış, Vətən Müharibəsində şücaət göstərmiş gənclər fəxri fərmanla təltif edildilər. Bədii hissədə  gənc istedadların ifasında musiqi və şeir parçaları təqdim edildi.

Keçidlər