Biləsuvar rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki!
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar rayon sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münsibəti ilə təbriki etdi!.
Əziz Biləsuvarlılar,
Artıq tarixə çevrilən 2020-ci il arxada qalır, Xalqımız yeni – 2021-ci ilə qədəm qoyur. Rayonumuzun bütün sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, uzun ömür, gələcək fəaliyyətinizə yeni-yeni uğurlar, şəxsi həyatınızda səadət və xoşbəxtlik arzulayıram.
Qeyd etmək istəyirik ki, 2020-ci il yadda qalan il olmuşdur. Bütün sahələrdə böyük irəliləyişlər baş vermiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, geniş abadlıq quruculuq işləri görülmüşdür. Lakin ilin I rübündən başlayaraq dünyanı bürümüş yeni COVİD-19 virusunun yayılması respublikamızdan, eləcə də Biləsuvar rayonundan da yan keçməmişdir. Bütün dünya dövlətlərinin pandemiyadan ciddi əziyyət çəkməsinə baxmayaraq dövlət başçısı cənab İlham Əliyevin ilk günlərdən atdığı qabaqlayıcı addımlar nəticəsində ölkəmiz pandemiyadan minimum itkilərlə çıxmağa müvəffəq olmuşdur.
Rayon İcra Hakimiyyətinin yanında yaradılmış Operativ Qərargah tərəfindən rayonda pandemiyanın vəziyyəti gündəlik olaraq təhlil olunmuş, aidiyyatı üzrə tapşırıqlar və tövsiyyələr verilmiş, profilaktik və maarifləndirici təbliğat –təşviqat kampaniyaları mütəmadi təşkil olunmuşdur. Rayonun səhiyyə işçiləri pandemiyaya qarşı mübarizə tədbirlərinə fəal surətdə qoşulmuşdur.
2020-ci il eyni zamanda xalqımızın tarixində qələbə ili kimi xatırlanacaq. Məlum olduğu kimi 30 ilə yaxın idi ki, Ermənistan ordusu torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün kimi doğma torpaqlarından didərgin salınmışdılar.
Ermənistanın təxribatı və növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad etmək, tarixi ədaləti bərpa etmək məqsədi ilə 27 sentyabr tarixindən Zəfər yürüşünə - Vətən müharibəsinə başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, muğamın beşiyi - Şuşa şəhərini, Zəngilan rayonunun bir neçə qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndlərini, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etməklə xalqımızn və ordumuzun gücünü bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandanın qətiyyəti və iradəsi, ordumuzun rəşadəti, habelə güclü iqtisadiyyat, müasir və nizami ordu, vətənə bağlılıq və torpaq sevgisi, xalq-dövlət birliyi böyük qələbəmizi şərtləndirən amillər idi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuzun addım-addım irəliyərək şəhər, rayon və kəndlərimizi düşməni qovaraq işğaldan azad etməsinin müjdəsini xalqımıza anbaan çatdırması insanlarda böyük ruh yüksəkliyi yaratmış, körpəsindən qocasına qədər hər kəsdə vətənpərvərlik hissini alovlandıraraq xalqımızı yenilməz qüvvəyə çevirib yumruq kimi birləşdirdi. Bununla da xalqımızın torpaq həsrətinə son qoyuldu və Azərbaycan xalqı tarixin bu astanasında qələbə zirvəsini fəth edərək zəfər çaldı.
Lakin böyük müharibələrin qalibiyyətinə çevrilmək heç də asanlıqla başa gəlmir. Bizim də bu Şanlı müharibəmizdəki qalibiyyətimiz şəhidlərin qanı və canı bahasına qazanıldı. Bu torpağın hər qarışı şəhidlərimizin, vətən oğullarının qanı ilə suvarıldı. Torpaq uğrunda ölən varsa Vətəndir-deyirlər. Şəhidlər bizi vətənimizə qaytardı.
Bu mənada Biləsuvar rayonu da torpaq uğrunda can verən, qan tökən igidlər məskənidir. Biləsuvarlılar torpaq uğrunda zaman-zaman aparılan bütün döyüş əməliyyatlarında, istər I Qarabağ müharibəsi, istərsə də 2016-cı il Aprel döyüşləri, 2020-ci il İyul savaşlarında da hər zaman mübarizlik göstərmişdir. Şanlı qələbəmizin etalonu sayılan Vətən müharibəsində də mübariz ruhlu yüzlərlə biləsuvarlılar vətənin müdafiəsinə qalxdılar. 69 nəfər həmyerlimiz müharibədə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmaqla xalqımızın şərəf tarixinə imza atdılar. 300-ə qədər biləsuvarlı döyüşçü döyüşlərdə sağlamlıqlarını bu və ya digər dərəcədə itirdilər, qazi oldular. Yüzlərlə oğullarımız isə bu gun də cəbhə bölgəsində xidmətlərin davam etdirirlər.
Dövlət başçısı cənab İlham Əliyev və I Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən bütün şəhid ailələrinin, hərbi qulluqçuların diqqət mərkəzində saxlanılması sonsuz razılıqla qarşılanır. Şəhid və yaralı ailələrinə dəstək məqsədilə YAŞAT Fondunun yaradılması həmin qayğı və diqqətin bariz nümunəsidir.
Bu gün Azərbaycan cənab Prezidentin “Qarabağ Azərbaycandır!” ifadəsinin öz ruhuna, mənliyinə, kimliyinə, varlığına hakim kəsilən doğma azərbaycanlıların məskənidir.
2020-ci ili Qarabağlı kimi başa vurmağımız ən böyük qələbəmizdir.
Əziz Biləsuvarlılar,
Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin fərdi mənzillərlə təmin olunması prioritet məsələ kimi qarşıda durur. Ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayon ərazisində Qarabağ müharibəsi əlilərinin, şəhid ailələrinin maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə 60 mənzilli 4 yaşayış binası, 23 fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, 47 nəfər avtomobillə təmin edilmişdir.
Hazırda rayon ərazisində 18 nəfər Qarabağ Müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Bu mənzillərdən 9-u şəhid ailələrinə, digər 9-u isə Qarabağ müharibəsi əlilləri üçün inşa edilir.Tikinti işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Məlumat üçün qeyd edək ki, 28 dekabr 2020-ci ildə bu ailələrdən 7-sinə Azərbaycan Respublikası Prezidentinin hədiyyəsi olaraq yeni mənzillərinin açarları təqdim olunmuşdur.
2020-ci ildə rayonumuzda bir çox sahələr - təhsil, mədəniyyət, gənclər, sosial-iqtisadi, aqrar sahədə də mühüm nailiyyətlər əldə olunmuşdur. 2020-ci il ərzində rayon ərazisində tikinti və abadlıq sahəsində işlər görülmüşdür.
Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına xüsusi diqqət ayrılır. Ölkə başçısı tərəfindən pambıqçılar qarşısında qoyulmuş əsas vəzifələrdən biri pambıq istehsalını ümumi əkin sahəsinin artırılması hesabına deyil, hər hektardan götürülən məhsuldarlıq hesabına artırmaq kimi məqsəd qoymuşdur.
Biləsuvar rayonunda illik istehsal gücü 15 min ton olan “MKT İK” MMC, istehsal gücü 10 min ton olan “Azərpambıq” MMC və “P-Agro” MMC olmaqla 3 pambıq emalı müəssisəsi fəaliyyət göstərir. “P-Agro” MMC üçün pamıq emalı zavodunun tikintisi məqsədi ilə 6 ha torpaq sahəsi ayrılmışdır. 4 rayonla bağlanan müqavilə əsasında istehsal olunan pambığın həcminə görə günlük istehsal gücü 80-120 ton olan pambıq emalı zavodunun tikinti işləri artıq yekunlaşmaq üzrədir.
2020-ci il ərzində rayonumuzda 10061,4 hektarda pambıq əkilib və sahələrdən 28 min ton məhsul tədarük edilmişdir.
Əziz Biləsuvarlılar,
Geridə qoyduğumuz 2020-ci il həm çətinliklər, həm uğurlu il kimi yadda qaldı. 2020-ci ildə qazandığımız Şanlı Qələbəmiz qarşıdan gələn 2021-ci il üçün təməl ili olacaq! Bu ili hərkəs bütöv Azərbayanın vətəndaşı kimi qarşılayır. Özündə böyük məsuliyyət, məğrurluq, qürur, zəhmət, uğur meyarlarını ehtiva edən 2021-ci ildə hər birimiz dövlətimizin müdafiəsində möhkəm dayanmalı, xalqımıza xidmətdə daha vicdanlı və ədalətli olmalı, Şəhidlərimizin qanı və canı bahasına əldə olunan Böyük Azərbaycanın varlığının əbədi və möhkəm olması naminə həm arxa, həm də ön cəbhədə bir əsgər olmalı, Ulu Öndər Heydər Əliyev ideyalarını reallaşdıran, Azərbaycanı uğurlu gələcəyə aparan, Qələbəmizin memarı, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqil Azərbaycan dövlətinin sütunu olmalıyıq!
Bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə ürəkdən təbrik edirəm!