Biləsuvar rayonunda şəhid və qazilərin ailələrinə yeni mənzillər verildi.
28 dekabr 2020-ci ildə Biləsuvar rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuş qazilərə və şəhid ailələrinə tikilmiş fərdi yaşayış mənzillərinin açılış mərasimi olmuşdur. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iştirak etmişdir. Ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayon ərazisində Qarabağ müharibəsi əlilərinin, şəhid ailələrinin maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə 60 mənzilli 4 yaşayış binası, 23 fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, 47 nəfər avtomobillə təmin edilmişdir.
2020-ci ildə rayon ərazisində 18 nəfər Qarabağ Müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Bu mənzillərdən 9-u şəhid ailələrinə, digər 9-u isə Qarabağ müharibəsi əlillərinə tikilir.Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Biləsuvar rayonunda Birinci Qarabağ müharibəsi iştirakçısı olan 7 Şəhid və Qarabağ əlillərinin ailələrinə yeni mənzillərin açarları təqdim olunmuşdur.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə, eləcə də bu gün yeni evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.