Biləsuvar rayonunda bədən tərbiyəsi və idman günü münasibətilə idmançılarla görüş keçirilmişdir.
05 mart 2014-cü il tarixdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 5 Mart-Bədən tərbiyəsi və idman günü münasibətilə rayonun tanınmış idmançıları ilə görüş keçirilmişdir.Görüşdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova, Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, idmançılar, ümumtəhsil məktəblərinin bədən tərbiyə müəllimləri və gənclər iştirak etmişdir.İştirakçılar əvvəlcə rayon idmançılarının qazandığı medallar və fəxri kuboklar sərgisinə tamaşa etmişlər.
Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov rayonda bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı görülən işlər barədə məlumat verərək bildirdi ki, cənab Prezidentimiz İlham Əliyevin birbaşa dəstəyi və köməkliyi sayəsində bu gün idmançılarımız fəxrlə müxtəlif yarışlarda ölkəmizin bayrağını ucaldırlar.Rayonda idmanın inkişafı və daha kütləvi hal alması üçün müasir tələblərə cavab verən Olimpiya idman kompleksi tikilmişdir.Hazırda burada 887 yerlik qapalı idman zalı, 1552 yerlik açıq futbol stadionu, voleybol və basketbol üçün açıq stadionlar, 450 m2 -lik üzgüçülük hovuzu, 2 ağır atletika, 1 cüdo zalları fəaliyyət göstərir.Bu gün kompleksdə idmanın 9 növü üzrə 18 qrupda 315 nəfər daimi idmanla məşğul olur. Təkcə fevral ayında kompleksin xidmətlərindən 650 nəfərdən çox idman həvəskarı istifadə etmişdir.Rayonda futbol yarışları keçirmək üçün böyük stadion, bütün kəndlərimizdə sadə idman qurğuları vardır.Məktəblərimizdə idman zalları fəaliyyət göstərir ki, bu da məktəblərdə bədən tərbiyə dərslərinin daha keyfiyyətli keçirilməsi üçün zəmin yaradır.Məhz görülən bu işlərin nəticəsidir ki, bu gün idmançılarımızın xoş soraqları bir çox mötəbər tədbirlərdən gəlir.
Sonra rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək ölkəmizdə və rayonumuzda idmanın inkişafına göstərilən dövlət qayğısından danışdı.Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları gələcək nəsillərimizin sağlam, pis vərdişlərdən uzaq olmaları üçün ölçüyəgəlməz işlər görür və daim çalışır ki, ölkəmizdə sağlam və zəngin dünyagörüşlü bir gənclik olsun. Bu məqsədlə ölkə rəhbəri tərəfindən bir çox dövlət proqramları və inkişaf konsepsiyaları qəbul olunmuşdur.Rayonumuzda da cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq bir çox işlər görülmüşdur.Rayon rəhbərliyi mütəmadi olaraq rayon gəncləri və idmançılarla görüşlər keçirir, onların problemləri öyrənilərək köməklik olunur.
Görüşdə idmançılar çıxış edərək onlara göstərilən qayğı və diqqətə görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.Sonda bir qrup idmançı qazandıqları uğurlara görə fəxri fərmanlarla mükafatlandırıldı.