Biləsuvarda yüksək bal toplayan məzunlarla görüş keçirilib
Sentyabrın 17-də Biləsuvar rayon Gənclər Evində 2019-2020-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Görüşdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər. Bu il abituriyentlərdən 15 nəfəri 600-dən, 39 nəfəri isə 500-dən yüksək bal toplayıblar.Ən yüksək nəticəni isə 654 balla Biləsuvar şəhər Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin məzunu Abdullayev Nihat göstərib. Ümumiyyətlə Mübariz İbrahimov adına bağça-məktəb-liseyin 11 şagirdi 600-dən yuxarı bal toplayıb.
Bu ilki tədris ilində rayon üzrə 11-ci sinfi bitirən 705 məzundan 386-sı ali məktəblərə sənəd verib, 285 nəfəri qəbul üçün müsabiqə şərtlərini ödəyib. 4 nəfər XI sinif şagirdi isə Respublika Fənn Olimpiadalarının final turunda qalib gəldiyi üçün birbaşa tələbə adını qazanıb.
Görüşdə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar çıxış edərək bundan sonra da daha fəal çalışaraq yüksək biliklər qazanacaqlarını və Azərbaycanımızın adını daima zirvələrə daşıyacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar və hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkdirilib.
(Görüş pandemiya şəraitinin tələblərinə uyğun olaraq keçirilmişdir)