Biləsuvarda ictimai işlərə cəlb olunun şəxslərin fəaliyyətinə nəzarət gücləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı Biləsuvar rayonunda da sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malik olmaqla yanaşı, əhali tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının, "Rayonda əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, çalışan işçilərin gündəlik iş rejiminə və əmək haqlarının ödənişi qaydalarına nəzarətin təmin edilməsi" ilə əlaqədar 31 avqust 2020-ci il tarixli, 97 nömrəli Sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiya tərəfindən əhalinin məşğulluğunun təmin olunması üçün ayrılmış müvəqqəti iş yerlərində çalışan işçilərin hər birinin fəaliyyəti mütəmadi olaraq yoxlanılır. Fəaliyyəti nəzərə çarpmayan, işinin öhdəsindən gələ bilməyən, işdən yayınma hallarına yol verən işçilər barədə aktlar tərtib olunaraq müvafiq inzibati tədbirlər görülür. Biləsuvar rayonu üzrə 400 müvəqqəti iş yerinin 324-ü rayon Kommunal Müəssisələri Kombinatında, 39-u baytar köməkçisi, 23-ü Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonu üzrə,14-ü isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzrə çalışmaq üçün işə cəlb olunmuşlar.
Müvəqqəti iş yerlərinə cəlb olunmuş işçilər iş yerlərinin dislokasiyasına əsasən rayonun şəhər və kəndlərindəki küçə, park və meydanların abadlaşdırılması, yaşıllaşdırıması işlərini aparır, yaşayış ərazilərində təmizlik işlərinə cəlb olunurlar.Bundan əlavə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzrə çalışırlar.
Hər bir işçinin adına açılmış əmək haqlarının ödəniş kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi üçün işəgötürən qurumların rəhbərləri və müvəqqəti sosial işlərə cəlb olunmuş şəxslərlə söhbət aparılmışdır.İşçilərin əmək intizamına riayət etmələri daim diqqətdə saxlanılır və onların təhkim olunduğu dislokasiya yerlərinə müntəzəm baxış keçirilir.