Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda yeni pambıq emalı zavodu tikilir.

09 sentyabr 2020 | 16:00

Respublikamızda pambıq istehsalı çoxaldıqca, emal müəssisələrinə də tələbat artır. Bu işlə məşğul olan şirkətlər ya balanslarındakı belə müəssisələri yenidən qurur, ya da yenisini inşa edirlər. "P-Aqro” MMC-nin Biləsuvar filialı "ağ qızıl” yetişdirilməsi və tədarükü ilə məşğul olan yeni şirkətdir, daha dəqiq desək, 2017-ci ildə yaradılmışdır.Filial icarədarlar və fermerlərlə yaxşı işbirliyi qurmaq sayəsində yüksək nəticələr əldə etmişdir. O, sahibkarları toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı müxtəlif dərmanlarla təchiz edir. Filialın mütəxəssisləri əkinçilərlə sıx əlaqə saxlayır, onları maarifləndirir, lazımi tövsiyələri verirlər. İstehsalçı təhvil verdiyi pambığın pulunu ən geci bir günə almağa müvəffəq olur. Bunlar isə insanları daha yaxşı işləməyə, daha çox məhsul yetişdirməyə ruhlandırır. "P-Aqro” üzrə istehsalın ilbəil artması şirkət qarşısında yeni tələblər qoymuşdur. 2018-ci ildə rayonlarda pambıq qəbulu məntəqələri inşa edildi. Amma bu, məsələnin tam həlli demək deyildi. "P-Aqro” xam pambığı emal etmək üçün digər şirkətlərə müraciət etmək məcburiyyəti qarşısında qalırdı ki, bu da müəssisəyə baha başa gəlirdi. Biləsuvar, Salyan, Neftçala rayonlarından məhsul aylarla Saatlı, Sabirabad və digər yerlərə daşınırdı. Lafetlərlə həyata keçirilən daşınma işi yol hərəkətində müəyyən risk də yaradırdı. Bu problemlər artıq arxada qalmaq üzrədir. Belə ki, hazırda "P-Aqro” şirkəti Biləsuvar rayonunda yeni emal zavodu tikir. 6 hektar ərazisi olan müəssisənin inşasına iyun ayında başlanılmışdır. Yüngül konstruksiya ilə tikilən zavodda ay ərzində 6 min ton xam pambıq emal ediləcək. Burada emal sexi, pambıq tayaları üçün ayrılmış 12 xüsusi sahə, yanğına qarşı, habelə istifadə üçün hər biri 50 kubmetr olan 2 su hovuzu, 1 ədəd elektron qapan, elektrik enerjisi təminatından ötrü transformator, hazır məhsullar və digər mal-materiallar üçün anbarlar, fəhlə yeməkxanası, buraxılış məntəqəsi, inzibati bina və s. olacaq. Magistral şose yolunun yaxınlığında tikilən zavoda asfalt yol çəkiləcək. Tikintidə istifadə olunanlar əsasən yerli materiallardır. Lakin dəzgah və avadanlıqlar qardaş Türkiyə istehsalı olacaq. Həmin avadanlıqların 90 faizi artıq gətirilmişdir. Onu da qeyd edək ki, koronavirus pandemiyası səbəbindən tikinti işləri bir ay yubanmışdır.Hazırda tikintidə işlər sürətlənib. İnşaatçılar çalışırlar ki, zavod cari ilin məhsulunu emal etmək üçün hazır olsun.
"P-Aqro” MMC-nin nümayəndəsi Elcan Məhərrəmovun dediyindən məlum oldu ki, türkiyəli mütəxəssislər sentyabrda avadanlıqların quraşdırılması işlərinə başlayacaqlar. "Agah qrup” MMC-nin inşa etdiyi zavodun bu il noyabr ayının 1-də istifadəyə verilməsi planlaşdırılır. Hazırda tikintidə 30 nəfər işçi çalışır. Müəssisə işə düşdükdən sonra Biləsuvar, Salyan, Neftçala rayonlarından, habelə ehtiyac olarsa, qonşu İmişli, Beyləqan və Füzulidən də xam pambıq qəbul edəcək. Zavod istifadəyə veriləndən sonra burada əsasən Biləsuvardan olmaqla 120 nəfər işçi çalışacaq.

Keçidlər