Azərbaycan Prezidentinin təşəbbüsü dünya dövlətləri tərəfindən razılıqla qarşılanır
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir.
Bu təşəbbüs həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirmiş və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirmişdir.
BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir, lakin yeni reallıq şəraitində BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalmışdır.
Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir.
Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur.
Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır.
Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki sahədə dəstək verməyə hazırdır.
Ümidvarıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək.