Bu gün Azərbaycan dünya miqyasında öz ordusuna arxalanan və heç kimdən asılı olmayan ölkədir.
Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda görünür ki, silahlı qüvvələrin gücünü, döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri vətənpərvərlik ruhudur. Xüsusilə də, bu, müharibə şəraitində yaşayan ölkə və xalqlar üçün mühüm əhəmiyyətə malikdir. Ölkəmizin təcrübəsi bu baxımdan müsbət nümunə kimi çıxış edir. Sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib. Başqa sözlə, Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirib.
Ümumiyyətlə, bu baxımdan bir neçə məsələyə xüsusi nəzər salmaq lazımdır. İlk növbədə qeyd edək ki, Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. 2016-cı il aprelin ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Şanlı Aprel qələbəsi, həmçinin qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Eyni zamanda, bəhs olunan döyüşlər erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Bir daha bəlli olduğ ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə törədilmiş təxribatların qarşısının məharətlə alınması bunu əminliklə söyləməyə əsas yaradır.
Bunlarla yanaşı, Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində zamanı əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə həm Ermənistana, həm ermənipərəst dairələrə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə belə bir mesaj verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz! Ermənistan işğalçı siyasətə son qoymalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, fundamental hüquqları pozulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımız öz doğma yurdlarına qayıtmalıdırlar. Bir sözlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır”.
Bunlarla yanaşı, möhtəşəm hərbi paradlar və təlimlər də Azərbaycan Silahlı Qüvvələrinin potensialını, gücünü əyani surətdə göstərir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi paradda, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğu, silahlı qüvvələrimizin qüdrəti bütün dünyaya aşkar şəkildə nümayiş etdirildi.
Digər tərəfdən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hazırlığının, təcrübəsinin artırılmasında hərbi təlimlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, Türkiyə, Gürcüstan kimi ölkələrin silahlı qüvvələri ilə birgə keçirilən təlimlər ayrıca qeyd edilməlidir. Birgə təlimlərin keçirilməsi, qərargahların fəaliyyətinin uzlaşdırılması, komandirlərin birgə qarşılıqlı əlaqədə müasir döyüşün təşkilini öyrənmələri böyük önəm kəsb edir. Bütövlükdə isə, paradlar kimi, təlimlər də ölkəmizdə güclü ordu quruculuğu prosesinin uğurla həyata keçirilməsini əks etdirən mühüm nümunələrdəndir.
Qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”.