Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin rayon sakinlərinə müraciəti!

02 aprel 2020 | 16:00

 

 Əziz biləsuvarlılar, rayonumuzun sakinləri!

Bütün dünya dövlətləri arasında sürətlə yayılan və artıq ciddi bəlaya çevrilən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir.Dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah preventiv tədbirlər həyata keçirərək koronavirusla mübarizə tədbirləri barədə  ölkə əhalisini gündəlik olaraq məlumatlandırır. Həyata keçirilən bütün təxirsalınmaz tədbirlər dövlət başçısının daimi nəzarətindədir.Koronavirusla mübarizə tədbirlərinin yüksək səviyyədə qurulması, onun fəsadlarının qarşısının operativ şəkildə alınması üçün dövlət başçısı tərəfindən müvafiq fərman və sərəncamlar imzalanmış,  koronavirus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması üçün dövlət büdcəsindən lazımi qədər vəsait  ayrılmışdır. Bu bir daha göstərir ki, dövlət başçısı daim öz xalqının yanındadır, ən ağır vəziyyətdə xalqın ən böyük  dəstəkçisidir.
Respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da koronavirus pandemiyasına qarşı ilk gündən təsirli qabaqlayıcı mübarizə tədbirləri həyata keçirilməyə başlanılmışdır. Belə ki, Biləsuvar RİH başçısının sərəncamı ilə Xüsusi Qərargah yaradılmış, vətəndaşların müraciətlərinin vaxtında dinlənilməsi və həll olunması üçün (02529)5-02-11 nömrəli “Qaynar xətt” fəaliyyət göstərir. Qərargahın hər gün keçirilən yığıncaqlarında Koronavirus infeksiyasına qarşı görülən işlər ətraflı təhlil olunur, növbəti vəzifələr müəyyənləşdirilir.
Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət olunur.Əhali arasında maarifləndirici izahat işləri aparılır.Rayon İcra Hakimiyyəti aparatının əməkdaşlarından, inzibati ərazi nümayəndəliklərindən, bələdiyyə üzvlərindən, daxili işlər orqanlarının nümayəndələrindən   ibarət 28 mobil qrup gündəlik olaraq əhali arasında maarifləndirici təbliğat işləri aparır.
Şəhər və kənd yaşayış məntəqələrində  Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə  əhalinin  kütləvi şəkildə bir yerə toplaşmaması üçün rayonun bütün ictimai yerlərində, çoxmənzilli binaların ərazilərində təbliğat xarakterli çağırışçı lövhələr vurulmuş, səsgücləndiricilər vasitəsilə əhaliyə çağırışlar səsləndirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq tənha və kimsəsiz adamlara qayğı və diqqət ön plana çəkilmişdir.Hər gün bir kateqoriyadan olan rayon sakinlərinə mütəmadi baş çəkilir, lazımi xidmətlər göstərilir.
Rayon üzrə aparılan dezinfeksiya işlərinin həcmi gündən-günə genişlənir.Zəruri ehtiyac olmadan adamların küçəyə çıxmalarının qarşısının alınması üçün tədbirlər görülür. Rayonda yalnız  həyati  əhəmiyyətli  obyektlərin işlənməsi  təmin olunur.
Lakin açıq etiraf etmək lazımdır ki, əhali arasında bu pandemiyanın törədə biləcəyi  faciələri dərindən dərk etməyən insanlar da var. Zəruri ehtiyac olmadan küçələrə  çıxan bu kimi insanlar, xüsusilə yaş həddi  65-dən çox olanlar unutmamalıdırlar ki, onlar təkcə özlərinin  deyil, bütün rayon sakinlərinin ailə üzvlərinin, qohumlarının, dost və tanışlarının həyatını ciddi təhlükə qarşısında qoyurlar. Xüsusi  maska və əlcəklərdən istifadə olunması, 2-3 metrlik ara məsafə saxlanılması, əllərin tez-tez spirt tərkibli məhlullarla yuyulması tələblərinə ciddi şəkildə əməl olunmalıdır.Bu tələblərə biganəlik ağır və arzuolunmaz fəsadlara gətirib çıxara bilər.
Əziz  biləsuvarlılar!
Unutmayaq  ki, biz birlikdə güclüyük. Bu ağır günlərdə hər bir biləsuvarlınısağlamlığımız naminə  son dərəcə həssas və məsuliyyətli olmağa, irəli sürülən tələblərə ciddi əməl etməyə, xüsusi karantin rejiminn qaydalarına düzgün riayət etməyə, pandemiya təhlükəsinə qarşı mübarizədə birgə olmağaçağırıram. Bundan ötrü evdə qalaq, sağlamlığımızı, özümüzün və əzizlərimizin həyatını qoruyaq, bütün bəşəriyyəti və özümüzü xilas edək”.
"Biz birlikdə güclüyük!!"

 

Keçidlər