Biləsuvarda koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri davam etdirilir.
Dünyada tüğyan edən koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün kompleks şəkildə profilaktik tədbirlər görülür. Aparılan tədbirlər fonunda epidemiya ilə bağlı Biləsuvar rayonunda da tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilir, mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Rayonun bütün təhsil, səhiyyə və mədəniyyət mərkəzlərində, uşaq bağçalarında, idarə, müəssisə, təşkilatlarında, iaşə obyektlərində, küçələrdə, parklarda və digər ictimai yerlərdə tərtib edilən qrafik əsasında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.
Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə də tədbirlər görülür. Rayon əhalisi Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri bildirilir.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.
Xəstəliyə yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün rayon ərazisində dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.