Biləsuvarda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edildi.
Fevralın 26-da Biləsuvar rayon ictimaiyyəti faciə qurbanlarının xatirəsinə ucaldılmış Ana heykəlini ziyarət edərək Xocalı soyqırımında qətlə yetirilmiş insanların əziz xatirəsini yad etdilər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, icra Hakimiyyəti başçısının aparatı, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının kollektivləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və rayon sakinləri iştirak etdi.
Anım mərasimindən sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxdılar.
Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirdi. M.Quliyev qeyd etdi ki, Xocalı faciəsinin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində dövlətimiz tərəfindən dünyanın hər yerində mühüm addımlar atılır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclasında hər il fevralın 26-sı ¬“Xocalıların Soyqırımı Günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Heydər Əliyev Fondunun fəaliyyətinin və “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda bu faciə siyasi hüquqi qiymətini alaraq bir sıra ölkələr tərəfindən soyqırımı kimi tanınıb.
M.Quliyev dünyanın onlarla dövlətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirildiyini və Azərbaycan xalqının bu vəhşiliyi, soyqırımı heç vaxt unutmayacağını bildirdi.
Sonda rayonun mədəniyyət işçilərinin hazırladıqları Xocalı faciəsinə həsr olunmuşədəbi-bədii kompozisiya nümayiş etdirildi.