Biləsuvar rayonunda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi.
30 yanvar 2019-cu il tarixdə Biləsuvar rayonunda 2 Fevral- Gənclər günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, təhsil, idarə, müəssisə və təşkilatların nümayəndələri və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və zabit iştirak etdi.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər-çiçək dəstələri qoydular, əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev rayon gənclərini Gənclər Günü münasibətilə təbrik etdi və gənclər gününün tarixi və ölkədə aparılan gənclər siyasəti barədə məlumat verdi.Bu sahədə rayonda görülən işlərdən danışdı, biləsuvarlı gənclərin ötən dövr ərzində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev gəncləri təbrik edərək qeyd etdi ki, hər bir ölkənin, cəmiyyətin həyatında gənclərin rolu əvəzsizdir. Çünki gənclər bizim sabahımız, işıqlı gələcəyimizdir.Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin həyatında fəal iştirak edir, dövlət quruculuğu işlərində, müstəqilliyimizin və dövlətçiliyimizin inkişafına öz dəyərli töhvələrini verirlər. Məhz buna görə də respublikamızda aparıcı qüvvə olan gənclərə həmişə böyük diqqət və qayğı göstərilir.
Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə, Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri Sahil Hüseynzadə, fəal gənc könüllü Əminə Əhmədzadə çıxış edərək bildirdilər ki, biləsuvarlı gənclər respublikamızın ictimai-siyasi həyatında həmişə öz fəallıqları ilə seçilmişlər. Respublika gənclərinin tərkib hissəsi olan biləsuvarlı gənclərimiz də cəmiyyətimizin bütün sferasında əzmkarlıq və fədakarlıq göstərir, rayonumuzun ictimai-siyasi həyatında, aparılan abadlıq və quruculuq işlərində yaxından iştirak edirlər.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclər fəxri fərmanla təltif edildilər. Bədii hissədə gənc müğənnilərin ifasında bəstəkar mahnıları, musiqi parçaları, həmçinin, müxtəlif musiqi alətlərində gənclərin ifaları təqdim edildi.