Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2016-cı il aprel şəhidlərinin əziz xatirəsinə ucaldılmış “Zəfərə aparan yol” abidə kompleksinin açılış mərasimi keçirildi.

16 yanvar 2020 | 16:00

16 yanvar 2020-ci il tarixdə Biləsuvar rayon Mərkəzi Parkında keçirilən açılış mərasimində Biəsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, N saylı hərbi hissənin zabit və şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, gənclər, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və KİV nümayəndələri iştirak etdi.
Mərasim Heydər Əliyev parkında ulu öndərin əziz xatirəsinin yad edilməsi ilə başlandıqdan sonra hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri hərbi orkestrin sədaları altında aprel şəhidlərinin xatirəsinə ucaldılmış “Zəfərə aparan yol”  abidə kompleksinə doğru hərəkət etdilər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən zabitlərimiz bildirdilər ki, Azərbaycan Ordusu bu gün ən yüksək döyüş keyfiyyətlərinə malik olan dünyanın ən güclü ordularından biridir. Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərdi.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasındakı hərbi münaqişənin atəşkəs haqqında saziş imzalandıqdan bəri yaşanan ən şiddətli döyüşlər kimi dəyərləndirən natiq, nəticədə Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində yolların düşməndən azad olunduğunu diqqətə çatdırıb. Bu döyüşdə düşmənin yüzlərlə canlı qüvvəsinin məhv edildiyi və ya ağır yaralandığı, onlarla hərbi texnikasının və silah-sursatının sıradan çıxarıldığı bildirildi.
Tədbirdə çıxış edən Biəsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev qeyd etdi ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut etdi.Xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi düşmüş bu döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igid əsgərimiz də var.Onların arasında Biləsuvarlı qəhrəman əsgərlərimiz  Fərahim Nadir oğlu Novruzov, Hüseyn Zeynal oğlu Dəmirli, Murad Vaqif oğlu Məmmədov, Biləsuvar rayonu ərazisində məskunlaşmış, əslən Cəbrayıl rayonundan olan çavuş Ruhim Əşrəf oğlu Qəhrəmanov və Fariz Şamil oğlu Cavadov da igidlik göstərərək şəhid olmuşlar.Biz aprel döyüşlərində düşmən həmlələrinin dəf olunmasında igidlik göstərərək sağlamlıqlarını qismən də olsa itirmiş Biləsuvarlı döyüşçülər Aqil Allahverdi oğlu İmanovla, Babək Bəxtiyar oğlu Əliyevlə, Nicat Aydın oğlu Ağazadə, Səfər Rafiq oğlu Şiriyev və Orxan Əliyulla oğlu Qarayevlə fəxr edirik. Xalqımız şəhidləri ilə fəxr edir, onların xatirəsini həmişə uca tutur.
İcra Hakimiyyətinin başçısı çıxışında qeyd etdi ki, bu gün  açılışına toplaşdığımız bu müqəddəs abidə hər birimiz üçün əzizdir.Rəmzi məna daşıyan bu abidə bizləri qəhrəmanlığa, hünərə səsləyir.Gənclərimizdə yüksək vətənpərvərlik hissləri oyadır.Rayonumuzun gəncləri bu abidənin mühafizəsində, onun önündə keçirilən müxtəlif tədbirlərdə həmişə yaxından və fəal iştirak edəcəklər.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin yeritdiyi müdrik siyasət isə bir daha göstərir ki, torpaqlarımızın işğaldan azad olunacağı günə çox qalmayıb. O günü bütün xalqımız səbirsizliklə gözləyir.
Tədbirdə çıxış edənlər bildirdilər ki aprel döyüşləri bir daha sübut etdi ki, bizim xalqımız və ordumuz həmişə bir olaraq, Vətən uğrunda, torpaqlarımızın azad olunması yolunda  döyüşməyi və  canından belə keçməyi  bacarır.
Abidə kompleksinin hazırlanmasında iştirak edən bir qrup şəxs Biləsuvar rayon İcra Hakimiyyətinin və N saylı hərbi hissənin fəxri fərmanları və hədiyyələrlə təltif olundular.
Sonda Məktəblilərin hazırladıqları ədəbi-bədii kompazisiya və şerlər səsləndirildi.

Keçidlər