Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun və aprel döyüşləri zamanı şəhid olmuş qəhramanların xatirəsi anıldı.
29 dekabr 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və icra hakimiyyətinin kollektivi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət qulluqçusu Dəmirli Hüseyn Zeynal oğlunun və Novruzov Fərahim Nadir oğlunun ailələri ziyarət olundu, əziz xatirələri ehtiramla anıldı.
Şəhidlərin ailə üzvləri ilə görüşən Biləsuvar rayon İcra Hakimiyyəti başçısı bildirdi ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş qəhramanlarımızın xatirəsi biləsuvarlıların qəlbində daima yaşayacaqdır.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki, Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. M.Quliyev bildirdi ki, 2016-ci ilin aprel döyüşləri isə Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistan müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi. Azərbaycan hər an öz torpaqlarını cəmi bir neçə günə işğaldan azad edə bilər. Aprel döyüşləri bunu dünyaya göstərdi.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı.
Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır.Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirərək, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını bildirdilər.