Biləsuvarda çağırışçı gənclərin həqiqi-hərbi xidmətə yola salınma mərasimi keçirildi.
2 oktyabr 2019-cu il tarixdə Biləsuvar rayon Heydər Əliyev parkında çağırışçı gənclərin həqiqi-hərbi xidmətə yola salınma mərasimi keçirildi.
Yola salınma mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbəsinin şəxsi heyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, çağırışçı-gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik edərək, ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, Silahlı Qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb.
M.Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayaraq, bu gün hərbi xidmətə yola salınan gənclərin Silahlı Qüvvələrimizin qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.
Mərasimdə çıxış edənlər çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb, gənclərə şərəfli əsgər həyatı arzulayıblar.
Konsert proqramı ilə müşayiət olunan mərasimin sonunda gənclər təntənə ilə Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.