Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 1 oktyabr “ Ahıllar günü” ilə əlaqədar tədbir keçirildi.

01 oktyabr 2019 | 16:00

01 oktyabr 2019-cu il tarixdə Biləsuvar  rayonunda  1 oktyabr-“Ahıllar Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə  rayon icra hakimiyyəti başçısının müavini,ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova və rayonun ayrı-ayrı sahələrində çalışmış ağsaqqalları  iştirak etdi.
Tədbirdə çıxış edən Ləman Yüzbaşova ahılları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışdı. Bildirdi ki, respublikamızda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Ləman xanım Beynəlxalq Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladığını vurğulayıb: "Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Bu gün də Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara, 2006-cı il 17 aprel tarixli sərəncamla təsdiqlənmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülür.
L.Yüzbaşova bildirdi ki, rayonumuzda da  hər il oktyabrın 1-i "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək onlara imkan daxilində maddi və mənəvi köməkliklər göstərməkdir.
Ağsaqqallardan Akif Kazımov çıxış edərək  onlara  göstərilən diqqət və qayğıya görə ahıllar adından Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevə öz dərin təşəkkürünü bildirdi. Akif müəllim çıxışında qeyd etdi ki, rayonun ahılları, ağsaqqalları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün onlar gənc nəslin tərbiyəsində, hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar.
Tədbirdə digər çıxış edənlər də Azərbaycanın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng ölkələri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhətinin gənclərə hələ çox lazım olacağını qeyd edərək bundan sonra da  yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyə olunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

 

 

Keçidlər