Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Qloballaşma və milli kimlik” mövzusu müzakirə olunub

04 sentyabr 2019 | 16:00

4 sentyabrın 2019-cu il tarixdə Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Hatəm Gülməmmədov, AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı bildirib ki, qloballaşma suveren dövlətlər arasındakı sədləri götürərək, daxili sosial münasibətlərin formasını dəyişir, dünyanı vahid mərkəzə çevirir, insanı isə mənsub olduğu ölkənin vətəndaşı olmaqdan daha dünya vətəndaşı olmağa çağırır. Belə bir şəraitdə milli ideologiyanın, kimliyin, özünüdərkin, mənəvi-əxlaqi dəyərlərin qorunması və inkişafı çətinləşir. Keçirilən bu kimi tədbirlərin əsas məqsədi maarifləndirmə işinin gücləndirilməsi və yarana biləcək problemlərin qarşısının alınmasına töhfə verməkdir.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov qeyd edib ki, qloballaşma ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən milli-mənəvi dəyərlərə sirayət etdikdə "mühafizəkar, yoxsa müasir olmaq" sualı yaranır və bu ikisi arasında seçim etmək məsələsi ortaya çıxır. Cavab isə çox sadədir. Millətin milli varlığını müəyyən edən, keçmişindən indiyə və gələcəyə, onun tərəqqisinə xidmət edən dəyərlər, meyarlar qorunub saxlanmalı, milli şüur prizmasından keçərək, müasirliklə uzlaşdırılmalıdır.
AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov vurğulayıb ki, müasir bəşəriyyətin inkişafını xalqlararası mədəni mübadiləsiz təsəvvür etmək çətindir. Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə yanaşı milli kimliyin qorunması kimi problemlər qloballaşma və inteqrasiya proseslərinin mühüm tərkib hissəsini təşkil edir. Bugün gənclərimiz dünyanın bir çox ölkələrində təhsil alır və bu çox sevindirici haldır. Lakin bu milli kimliyin itirilməsi, inkişafa mənfi təsir göstərən yad təsirlərin cəmiyyətimizə inteqrasiyası ilə nəticələnməməlidir.
Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər