Biləsuvarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi.
22 avqust 2019-cu il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, aidiyyəti təşkilat rəhbərləri, ümumtəhsil müəssisələrinin pedaqoji kollektivlər, ali məktəblərə qəbul olunmuş tələbələr, valideynlər və KİV nümayəndələri iştirak etdi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildikdən sonra rayon Təhsil şöbəsinin müdiri Aqşin Bağırov cıxış edərək tələbələri təbrik etdi və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində müvəffəqiyyətlər arzuladı.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev geniş məruzə ilə çıxış edərək ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatların verdiyi bəhrələrdən danışaraq tələbə adını qazanmış gəncləri təbrik etdi.Bildirdi ki, hər bir tələbə müəllimlərinin və valideynlərinin etimadını doğruldaraq, ali məktəb tələbəsi adını qazandığı kimi, tələbəlik illərində də nümunəvi təhsili ilə rayonumuzun şərəfini uca tutmalı, sevib-seçdiyi ixtisasını kamil mütəxəssis olaraq başa vurmalıdır.
M.Quliyev ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayaraq bu sahədə rayonumuzda da xeyli işlərin görüldüyünü, təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirildiyini bildirdi.Məhz həyata keçirilən uğurlu təhsil islahatlarının nəticəsidir ki, Biləsuvar məktəblərinin məzunlarının respublikamızın ali və orta ixtisas məktəblərinə qəbulu ilbəil artan dinamika ilə gedir. Bu il rayonumuzun ümumtəhsil məktəblərini bitirmiş 748 nəfərdən 262 nəfərinin ali məktəblərə qəbul olunmuş, 72 nəfərdən çox məzun da texnikum və kolleclərdə təhsil almaq hüququ qazanmışlar.64 məzun 500 baldan, 28 məzun isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Bu sahədə ən yaxşı nəticə yenə də respublikamızda qabaqcıl təhsil müəssisəsi kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına bağça-məktəb lisey kompleksinin payına düşür.Liseyin məzunları hər il yüksək nəticələri ilə onlara bəslənilən ümidləri layiqincə doğruldurlar.Bu il liseyi bitirmiş məzunların hamısı ən yüksək göstəricilərlə tələbə adını qazanmağa nail olmuşlar.
Rayonumuzun şəhər 1 və 2 nömrəli, Xırmandalı kənd 1 saylı, Dərvişli, Aşağı Cürəli, Yuxarı Cürəli, Ağayrı kənd tam orta məktəblərinin məzunları bu ilki qəbulda da yüksək nəticələri ilə fərqlənmişlər.
M.Quliyev bir daha tələbə adını qazanmış bütün məzunları səmimi-qəlbdən təbrik etdi, gələcək təhsil yollarında onlara uğurlar arzuladı.
Tədbirdə 675.8 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olunmuş Nəsrin İbayeva, valideyn Əli Hüseynov, Biləsuvar şəhəri 1 saylı tam orta məktəbin müəllimi Təranə Babayeva və digərləri çıxış edərək ölkəmizdə təhsilə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda bir qrup tələbəyə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.