Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

07 avqust 2019 | 16:00

7 avqust 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin geniş şura iclasında rayonda  2019-cu ilin  birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi.
Hesabat iclasında  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak etdi.
Yığıncaqda  İcra hakimiyyətinin başçısı Mahir Quliyev geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gələcəyə hesablanmış  sosial-iqtisadi inkişaf strategiyasının  nəticəsidir ki,  ölkəmiz son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən, beynəlxalq maliyyə qurumlarının hesabatlarında 10 ən islahatçı ölkə  sırasında  yer tutmuş və  biznes mühütinin yaxşılaşdırılması fonunda yüksək  rəqabətqabiliyyətli  iqtisadiyyata malik ölkə kimi tanınmışdır.    Bu ilin iyul ayının 31-də Azərbaycan Prezidenti cənab  İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bütün məsələlər barədə ətraflı danışılmış, dövlətimizin başçısı çıxışında ilin əvvəlində qarşıya qoyulan vəzifələrin gerçəkləşdirildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını bildirərək, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu və bunun özünü rəqəmlərdə də əks etdirdiyini diqqətə çatdırmışdır.
Cari  ilin altı ayında  ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artmışdır. Ən yüksək  göstərici isə 15,7 faiz qeyri-neft sənayesində olmuşdur.
Respublikada aparılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri olan regionların tarazlı və davamlı inkişafı istiqamətində görülən işlər  geniş şərh edilərək, qeyd edilmişdir ki, artıq bu ilin əvvəlində təsdiqlənən regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına başlanılmış və proqramın icrası  uğurla davam etdirilir.
M.Quliyev bildirmişdir ki,Biləsuvar rayonunda da 2019-cu ilin birinci yarısında bütün sahələr üzrə aparılan işlər və həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir.
Bu dövrdə rayonda  ümumi məhsul buraxılışının həcmi 190 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz çoxdur. Əsas kapitala yönələn investisiyalar 40,0 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 148,4 milyon manat təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1822 manat, orta aylıq əmək haqqı isə 434,1 manat olmuşdur. 01 iyul 2019-cu il vəziyyətinə rayon əhalisinin sayı 104,4 min nəfər olmuşdur.
2019-cu ilin 6 ayında rayonda 37,1 milyon manatlıq məhsul buraxılışı olmuşdur. Son illər rayonumuzda kənd təsərrüfatının inkişafı son nəticədə sənaye sahələrinin yaranmasına münbit şərait yaradır. Bu ilin yanvar-iyun aylarında sənaye sahəsində istehsal olunmuş məhsulun həcmi əvvəlki illərlə müqayisədə 50,9% artmışdır.
2019-cu ildə rayonun Əsgərabad kəndi ərazisində ümumi sahəsi 25 hektar olan Biləsuvar Aqrar Sənaye Zonasının yaradılması nəzərdə tutulmuşdur.
2019-cu ilin 6 ayında rayonda elektrik enerjisinin verilişi xeyli yaxşılaşdırılmış, bir sıra kəndlərdə yeni transformatorlar quraşdırımış və təmir olunmuşdur.4925 metr SİP kabeli çəkilmiş, 94 ədəd dayaq dəyişdirilmişdir.Hazırda şəhər ərazisində 7,2 km uzunluqda 0,4 kilovoltluq SİP xətlərinin tikintisi davam edir. 
Rayonun bütün yaşayış məntəqələri  tam qazlaşdırılmışdır. Şəhərin və kəndlərin genişlənən yeni yaşayış massivlərinin qazlaşdırılması məqsədi ilə layihə-smeta sənədləri tam hazırlanaraq “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunmuşdur. Artıq Xırmandalı kəndinin yeni yaşayış massivinin qazlaşdırılması işləri  yekunlaşmaq üzrədir.
2019-cu ilin I yarımili  Ələt-Astara mağistral avtomobil yolunun rayon ərazisindək keçən hissəsində, Biləsuvar-İran sərhəddi avtomobil yolunda təmir işləri aparılmışdır.
    Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81km) -Biləsuvar avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılmışdır. Bu yolda yolun hərəkət zolağı genişləndirilməklə  2 qat asfaltbeton örtük qoyulmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial –iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş Biləsuvar-Bəhrəmtəpə (56-cı km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi sürətlə  davam etdirilir.
    Şəhər ərazisində kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə düşmüş 7,0 km yol yenidən asfaltlaşdırılmışdır.
    Rayonun Xırmandalı kəndində 40 yerlik uşaq bağçası,  Muğan kəndində 80 yerlik modul tipli ümumi məktəb binası tikilərək istifadəyə verilmişdir.     
    2019-cu ilin II rübündə 1176 yerlik Nizami adına 1 saylı şəhər tam orta məktəb binasının və Heydər Əliyev küçəsində 4 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintiləri davam etdirilmişdir. Hər iki obyektdə  hal-hazırda son tamamlama işləri aparılır.
    Daxili imkanlar hesabına rayonun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyinin tikintisinə başlanılmış və hazırda tikinti işləri tamamlanmaq üzrədir.     
Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda da aqrar sahədə sahibkarlığın inkişafının artırılmasına xüsusi diqqət ayrılır. 2019-cu ildə rayonumuzda 10257,7 hektar sahədə pambıq əkilmişdir. Hazırda sahələrdə bol məhsul yetişdirilir. Hesab edirik ki, 2019-cu ilin məhsulu ötən illərlə müqayisədə 5-7 sentner  daha artıq olacaqdır.
Bu gün müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Biləsuvar rayonunda fəaliyyət göstərən “Yaşıl Ada”, “Green farms”, və “RULEX” aqroparkları bunun bariz nümunəsidir. Belə ki, “Yaşıl Ada” MMC tərəfindən 2019-cu ildə 460 hektar sahədən 1472 ton buğda, 1340 hektar sahədən isə 4288 ton arpa yığılmışdır. 2019-cu ilin yazında 400 hektar pambıq və 180 hektar qarğıdalı əkilmişdir ki, hal-hazırda sahələrdə bol məhsul vardır.
“Aqro-investment Green firm” MMC tərəfindən isə 2019-cu ilin məhsulu üçün 181 hektar sahədə buğda, 1306 hektar sahədə arpa, 60 hektar sahədə qarğıdalı əkilmişdir.
Aqropark “RULEX” MMC 500 başlıq heyvandarlıq kompleksinin yaradılması planlaşdırmış, bu istiqamətdə işlər görülür. Hazırda aqroparkda 100 hektar sahədən 210 ton buğda, 600 hektar sahədən 1080 ton arpa yığılmışdır. 2019-cu ilin yazında 600 ha günəbaxan əkilmişdir.
2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında 13738 hektarı buğda, 16456 hektarı isə arpa olmaqla rayon üzrə ümumilikdə 30194 hektar payızlıq dənli bitkilər əkilmiş, rayon üzrə 94 min ton taxıl məhsulu əldə edilmişdir.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev hesabat iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bundan sonra da bütün imkanların səfərbər ediləcəyini bildirdi.
Yığıncaqda çıxış edənlər 2019-cu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
  Hesabat iclasında  çıxış edən Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlardan danışmış, Biləsuvar rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı  tövsiyyələrini vermişdir. 
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)" yubiley medalı ilə təltif edilmiş şəxslərə medalları təqdim olundu.

Keçidlər