Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu.
18 iyun 2019-cu il tarixdə Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki “Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.O, xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.”
Məhz bu məktəbin davamçıları olaraq Azərbaycan Ordusunun əsgərləri 2016-cı ilin aprel ayındakı döyüşlərdə tarixi qələbələr qazanaraq bir daha bütün dünyaya ordumuzun gücünü, qüdrətini hiss etdirdilər.Ermənistan müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır
M.Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür.Təhsil müəssisələrimizdə şagirdlərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətəni necə qorumağı Mübarizdən və digər qəhraman əsgərlərimizdən öyrənmələri təbliğ olunur.
Çıxış edənlər Mübariz ibrahimovun keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirərək, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində bundan sonra da böyük rol oynayacağını diqqətə çatdırıblar.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov Mübariz İbrahimovun ev muzeyinin qısa vaxt ərzində inşasına və onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşəyə və tamamlanmaq üzrə olan M.İbrahimov muzeyinə baxış keçirdilər.