Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib.
30 may 2019-cu il tarixdə Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq iftar süfrəsi təşkil edilib.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov çıxış edərək müqəddəs Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu qeyd etdi.Bildirdi ki, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə xüsusilə hörmətlə yanaşılır.
X.Məmmədov Ramazan ayının cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən, adət-ənənələrimizə riayət edən, hər bir insanın qəlbində olan bayram olduğunu qeyd edərək Ramazan bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirib ki, şəhidlik böyük amallar uğrunda candan keçmək, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Ən ali, müqəddəs və şərəfli zirvəyə ucalan şəhidlərimiz daim qəlblərdə yaşayır, heç vaxt unudulmurlar. R.Qurbanov iftar süfrəsinin təşkil edilməsi üçün yaradılan şəraitə görə Biləsuvar rayon İcra Hakimiyyətinin rəhbərliyinə Mənəvi Dəyərlərin Təbliği Fondu adından təşəkkürünü bildirib.
İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.