Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitutu Biləsuvarda abituriyentlərlə görüş keçirdi.

30 may 2019 | 16:00

30 may 2019-cu il tarixdə Biləsuvar rayon Heydər Əliyev mərkəzində Azərbaycan İlahiyyat İnstitutu 2019-2020-ci  tədris ili üçün instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə Biləsuvar rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbiri keçirdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, insitutun dekanı Mirniyaz Mürsəlov, institutun magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova  və rayonun ümumtəhsil məktəblərinin   yuxarı sinif şagirdləri iştirak etdi.
İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyəti Başçının birinci müavini Xanlar Məmmədov qonaqları salamlayaraq bildirib ki, respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əldə olunan tarixi nailiyyətlər məhz ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı olan cənab Prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsil sisteminə inteqrasiyasını təmin etmişdir. X.Məmmədov qeyd edib ki, respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması, ümumilikdə, dövlətimizin və xalqımızın inkişafına xidmət edir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov abituriyentləri salamlayaraq, qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün onlara səylə çalışmalarını tövsiyə edib. İnstitut rəhbəri müstəqil Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşadığını, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına yönələn dövlət siyasətinin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bu gün elmin, təhsilin maddi-texniki bazası sürətlə inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalarla təmin olunur.
Aİİ rəhbəri ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Rektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib.
İnstitutun İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən söhbət açıb. Qeyd edib ki, ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, ən əsası, peşəkar mütəxəssis kimi yetişmələri, eyni zamanda, onların dinin mahiyyətini və əsaslarını, milli-mənəvi dəyərlərimizi öyrənmələri istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.
Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər