Biləsuvarda “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar müşavirə keçirilib.
15 may 2019-cu il tarixdə Biləsuvardakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirədə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Dini Qurmlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Pənah Cahangirov, , Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili işlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi, Biləsuvar, Cəlilabad, Salyan, Neftçala, Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçılarının birinci müavinləri, Polis rəisləri, Məhkəmə sədrləri, Prokurorları, Dövlət Təhlükəsizlik Xidmətinin və Dini Qurmlarla İş üzrə Dövlət Komitəsinin yerli rəhbərləri, Biləsuvar rayon ümumtəhsil məktəblərinin direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, dini icmaların nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətedib, əziz xatirəsinə gül dəstələri qoyulub.
Sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Seminar-müşavirədə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızda hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb. RİH-in başçısı çıxışında, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, eləcə də bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətdə gördüyü işlərin əhəmiyyətini qeyd edib.
Tədbirdə təqdimatla çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. DQİDK-nın sədr müavini deyib ki, gənclərimizin radikal dini təsirlərdən qorunması üçün milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması vacibdir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu istiqamətdə mühüm addımlar atılıb. Bu adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
S.Heydərov dini radikalizm, ekstremizm və onların fəsadları barədə də ətraflı məlumat verib. Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətlərinə cəhdlər edilir. Lakin bu cür hallara qarşı dövlət qurumları tərəfindən mübarizə tədbirləri həyata keçirilir. DQİDK-nın sədr müavini eyni zamanda vurğulayıb ki, olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi müşahidə olunur. Bu kontekstdə ən önəmli amillərdən biri də dini təhlükəsizlik məsələsidir. Sədr müavini bildirib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda ictimai-siyasi asayişin daha mükəmməl təminatı üçün olduqca mühümdür.
Tədbirdə, həmçinin dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğu, ona qarşı müştərək mübarizənin vacibliyi vurğulanıb. Dini radikalizm və ekstremizmə qarşı mübarizə və bu sahədə qanunların tələblərinə riayət edilməsi istiqamətində görülən tədbirlərdən bəhs edilib.
Seminar-müşavirə müzakirələrlə davam edib.