Biləsuvarda şəhid Şahmurad Əlizadənin anım günü qeyd olundu.
14 aprel 2019-cu il tarixdə Biləsuvar rayonunda şəhid Şahmurad Əlizadənin anım günü qeyd olundu.
Biləsuvar rayon icra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Qarabağ müharibəsi veteranları, ziyalılar və gənclər şəhidin məzarını ziyarət etdikdən sonra yaşadığı evə gələrək ailə üzvləri ilə görüşdülər.
Görüş zamanı şəhid Şahmurad Əlizadənin həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışan natiqlər, qeyd etdilər ki, Şahmurad qısa ömür yaşasa da canını vətən yolunda fəda etdi, şəhid oldu.Qəhrəmanlar isə heç vaxt ölmürlər, öz şərəfli həyatları ilə daim qəlblərdə yaşayırlar. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə, hər kəsin vətəndaşlıq borcudur.
Şəhid Şahmurad Hilal oğlu Əlizadə 24 yanvar 1991-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur.14 aprel 2015-ci il tarixdə xidmət etdiyi Ağdam rayonunun Təzəkənd kəndində düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olmuşdur.
Şəhidin ailə üzvləri Şahmurad haqqında olan xatirələrini bölüşdülər və onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin təşəkkürünü bildirdilər.
Sonra ziyarət iştirakçıları şəhid Şahmurad Əlizadəyə məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış oldular.